Hitler Leninlə görüşübmü? | Bir əsərin sirli tarixçəsi

   Hitler Leninlə görüşübmü?    | Bir əsərin sirli tarixçəsi
  21 İyun 2024    Oxunub:9595
Maraqlı bir iddiaya görə 1909-cu ildə Hitlerlə Lenin üz-üzə şahmat oynayıblar. Dəlil kimi Hitlerin rəsm müəllimi olduğu ehtimal edilən Emma Lövenstrammın çəkdiyi iddia olunan qravür göstərilir. Bunu iddia edənlərdən biri sonralar həmin qravür əsərini satan hərrac evinin sənətşünası Riçard Vestvud-Bruksdur.
İddiaya görə, həmin illərdə Hitler Vyanada rəssamlıq etmiş, Lenin isə 1905-ci il inqilabının yatırılmasından sonra sürgündə olmuşdu. 1909-cu ildə Hitler 20, Lenin isə 39 yaşında idi.

Ölçüləri təxminən 51x38 santimetr olan qravürün arxa tərəfində “Lenin” və “Hitler” sözləri, rəssam Emma Lövenstammın qələmlə qeyd etdiyi imzası, eləcə də Lenin və Hitlerə aid olduğu ehtimal edilən imzalar, əsərin çəkildiyi yer (Vyana) və il (1909) göstərilir. Təsvirin ön tərəfinin kənarında da rəssamın imzası var.

Qravürün müəllifi Krakov və Amsterdamdan olan qədim yəhudi nəslindən çıxmış rəssam Emma Lövenstamm çexiyalı tacir ailəsində doğulub. Sonradan qrafika və rəssamlıq üzrə fərdi dərslər də aldığı Vyanaya köçüb. Lövenstamm yaradıcılığında kömür və qələmlə rəsm çəkmək texnikasından istifadə edib. Praqadakı Alman Rəssamlar Assosiasiyasının üzvü olub. Modernizmin də müəyyən qədər təsirilə realizm üslubunda əsərlər yaradıb.

Bu əsərinin varlığı və Feliks Ednhofer adlı şəxsin fərdi kolleksiyasında saxlanılması barədə məlumat mətbuatda ilk dəfə Emma Lövenstammın 1984-cü ildə Avstriya paytaxtına gəlişi zamanı açıqlanıb. 2001-ci ildə isə Almaniyanın “Check” şahmat jurnalında bu barədə məlumat dərc edilib. Bir qrup mütəxəssis qravürdəki təsvirin reallığı əks etdirdiyini bildirir. Onların ən böyük arqumentləri qravürün arxasındakı imzalardır. Bu imzalar dəfələrlə təfərrüatlı şəkildə araşdırılıb. Mütəxəssislər onların 80% orijinal olması qənaətinə gəliblər.

Lakin əksər ekspertlərin fikrincə, qravürdə təsvir olunanlar fantaziya məh¬sulundan başqa bir şey deyil. Birincisi, imzaları saxtalaşdırmağın çoxlu yolları ola bilər. İkincisi, həmin dövrdə Lenin Fransada olub və Vyanaya gəldiyini təsdiq edən heç bir sübut yoxdur.
Üçüncü arqumentə gəlincə, qravürdə Adolf Hitler pəncərənin yanında oturaraq, qara fiqurlarla oynayır, Vladimir Lenin olduğu iddia edilən şəxs isə onunla qarşı-qarşıya oturmuş vəziyyətdə təsvir edilib. Hitler başını sol əlinə söykəyərək oyun haqqında düşünür. Bu zaman Lenin sol əli ilə gediş edir. Halbuki, proletariatın rəhbəri solaxay olmayıb.
Dördüncüsü, 1909-cu ildə Lenin demək olar ki, keçəl idi, saçları yalnız başının yan tərəflərində qalırdı. Qravürdən isə görünür ki, sağda oturan və Lenin olduğu iddia edilən kişinin saçı var. Harvard Universitetinin tarix professoru Riçard Pipesin sözlərinə görə, Lenin parik taxmırdı. Qravürdəki adamın ümumiyyətlə, Leninə heç bir bənzərliyi yoxdur.
Bundan əlavə, qravürdə Adolf Hitler 20 yaşlı gəncdən çox yaşlı görünür. Bəzi müəlliflər o dövrlərdə Hitlerin müəyyən səbəblərə görə şahmat oynamağı özünə qadağan etdiyini deyirlər.

“Üçüncü Reyxin tarixi” adlı üç cildlik kitabın müəllifi, Kembric Universitetinin müasir tarix professoru Riçard J.Evans “The New York Times” qəzetinə verdiyi müsahibədə qravürdəki təsvirin real olmadığını bildirib.

Biz də o fikirdəyik ki, bu qravürdə təsvir olunanlar rəssam Emma Lövenstammın fantaziyasının məhsuludur. Onun hərracda kimlərə və hansı qaydada satılmaqla əldən-ələ keçməsi, qiyməti və harada saxlanılması isə başqa bir məqalənin mövzusudur.

Yunis Xəlilov
Naxçıvan Dövlət Universiteti Hüquq fənləri kafedrasının baş müəllimi


Teqlər: Tarix  





Xəbər lenti